Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və onun iranlı həmkarı Mənuçöhr Möttəki telefonla İranın nüvə dosyesini müzakirə ediblər. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Nazirlər Tehrandakı tədqiqat nüvə reaktorunu yanacaqla təmin etmək üçün diplomatik vasitələrdən istifadə barədə fikir mübadiləsi aparıblar.
Tehrandakı tədqiqat nüvə reaktoru 40 il əvvəl ABŞ-ın yardımı ilə tikilib və onun əsas funksiyası dərman istehsalıdır.
Davudoğlu ilə Möttəki söhbət zamanı Tehran bəyannaməsinin "baş tutmayan ziddiyyətli yanaşmaların alternativi" olduğu barədə razılığa gəliblər. Bu barədə Press TV xəbər verib.
Tehran bəyannaməsi mayın 17-də İran, Türkiyə və Braziliya tərəfindən imzalanıb. Sövdələşmənin şərtlərinə görə, 1,2 tona yaxın az zənginləşdirilmiş uran 120 kiloqramlıq 20 faizlik uranla mübadilə olunmaq qüçün Türkiyəyə gətiriləcək.
Möttəki Türkiyə və Braziliyanın İrana münasibətdə BMT TŞ sanksiyalarının dördüncü mərhələsinin tətbiqinə qarşı səs verdiklərini alqışlayıb.
BMT Təhlükəsizlik Şurası iyunun 9-da İranın nüvə proqramına qarşı 4-cü qətnaməni qəbul edib. Sənədin lehinə BMT TŞ-nin on iki üzvü, əleyhinə iki - Türkiyə və Braziliya səs verib; Livan bitərəf qalıb.
İran XİN başçısı, həmçinin, bu yaxınlarda terror hücumları nəticəsində həlak olan türk əsgərləri ilə bağlı Davudoğluya başsağlığı verib və bəyan edib ki, hər iki ölkə terrorla mübarizədə həmrəydir.