Almaniyanın xarici işlər naziri Qido Vestervelle israilli həmkarı Aviqdor Libermanın Qəzza bölgəsinə səfərə gəlmək dəvətini qəbul edib. Məlumatı DPA alman agentliyi yayıb.
Almaniyanın XİN rəhbəri Rumıniyaya səfəri zamanı ötən həftə anklavın blokadasının zəiflədilməsindən sonra İsrailin Qəzza bölgəsi ilə bağlı siyasətinin dəyişməsindən razı qaldığını bildirib.
"Blokadanın zəifləməsi nəticəsində İsrail hökumətinin öz ölkəsində nə ilə qarşılaşdığını fikirləşəndə, buna yalnız sevinmək lazımdır", - Vestervelle jurnalıstlərə bildirib.
Cümə günü israilli nazir Liberman Avropa İttifaqından olan həmkarlarını Qəzza bölgəsinə səfərə dəvət edib. Dəvət İtaliyanın xarici işlər naziri Franko Frattini vasitəsilə göndərilib. O, İsrail və Fələstin Muxtariyyətində rəsmi səfərdədir.
Vestervelle İsrail nazirinin təklifini bəyənərək "Avropanın oynadığı rolu çox yaxşı tərəqqi" adlandırıb.
Üç ildən çox davam edən blokadanın zəiflədilməsi ilə bağlı qərar "Azadlıq donanması" saxlanıldıqdan sonra beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində baş verib. Məlum olduğu kimi, altı xarici gəmi bölgəyə humanitar yardım apararkən İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb. Üç həftə öncə keçirilən əməliyyatın qurbanları doqquz hüquq müdafiəçisi - 8 türk və 1 ABŞ vətəndaşı olub.