Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Tkibuli şaxtasında baş vermiş partlayış nəticəsində həlak olanların sayı dördə çatıb. Yanıq mərkəzinə yerləşdirilən 43 yaşlı Malxaz Çanturidze dünən gecə dünyasını dəyişib.
Həkimlərin verdiyi məlumata görə, Çanturidzenin bədəninin üst hissəsinin 60 faizi, eləcə də nəfəs yolları yanıb. O, süni nəfəs aparatına qoşulmuşdu.
Hazırda mərkəzdə daha altı şaxtaçı var. Onlardan biri - Georgi Oboladze ağır vəziyyətdədir.
Mindeli adına Tkibuli kömür şaxtasında partlayış avqustun 27-də axşam baş verib. Üç şaxtaçı hadisə yerindəcə həlak olub.