Ötən gecə İranda kardioloq-həkim Qulamrza Sərabiyə qarşı odlu silahdan atəş açılıb və onu öldürməyə cəhd olunub. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, həkim Tehranın "İmam Hüseyn" xəstəxanasına çatdırılıb və vəziyyəti ağırdır. Bundan öncə, cari həftənin çərşənbə axşamı günü digər bir həkim - Əbdürrza Sudbəxş öz şəxsi klinikasının qarşısında naməlum şəxslər tərəfindən öldürülüb. İran Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Həmid Hüseyni bildirib ki, Səhiyyə Nazirliyi və polis həkimlərə olunan silahlı hücumlarla bağlı araşdırma aparır.
Cari ilin yanvar ayında İranın nüvə fiziki Məsud Məhəmmədi paytaxt Tehranda bomba hücumu nəticəsində həlak olub. Məlumata görə, uzaqdan idarə edilən bomba fizikin evinin yaxınlığında partlayaraq, onu öldürüb.