...

İran və ABŞ arasında dialoq, yoxsa müharibə? – Trend-in icmalçısı

Dünya xəbərləri Materials 9 Noyabr 2010 09:00 (UTC +04:00)
İranın nüvə proqramı ilə bağlı "hərbi qabaqlayıcı tədbirlər" hələ də ABŞ-ın planlarında olsa da, İsraildən fərqli olaraq rəsmi Vaşinqton diplomatik və iqtisadi sanksiyaları daha effektiv hesab edir.
İran və ABŞ arasında dialoq, yoxsa müharibə? – Trend-in icmalçısı

Trend-in Fars redaksiyasının icmalçısı Təmkin Cəfərov

İranın nüvə proqramı ilə bağlı "hərbi qabaqlayıcı tədbirlər" hələ də ABŞ-ın planlarında olsa da, İsraildən fərqli olaraq rəsmi Vaşinqton diplomatik və iqtisadi sanksiyaları daha effektiv hesab edir.

ABŞ-ın müdafiə naziri Robert Geyts bildirib ki, ölkəsi İranın nüvə proqramının həlli ilə bağlı diplomatiyaya üstünlük verir. O, iqtisadi sanksiyaların gözlənildiyindən də artıq effektiv olduğunu bildirib. Bundan öncə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşündə İranın nüvə proqramının dayandırılması üçün "hərbi variant"ın qaldırılmasını istəmişdi.

Müharibə, yoxsa sanksiyaların İranın nüvə proqramını, xüsusilə də uranın zənginləşdirilməsi layihəsini dayandırmaq gücündə olması, yaxud hansının daha effektiv olması bir neçə ildir mübahisə mövzusudur.

İranın nüvə proqramı məsələsinin mahiyyəti elədir ki, İran və ABŞ bu problemi hər iki tərəfin xeyrinə həll edə bilərlər. ABŞ İranın nüvə proqramı ilə bağlı ya müharibəyə başlamalı, ya da məsələnin hər iki tərəfin xeyrinə olmaqla həlli ilə razılaşmalıdır. Belə nəzərə çarpır ki, ABŞ ikinci yolu seçməyə üstünlük verir. Ekspertlərin əksəriyyəti "müharibə" versiyasının hazırkı şəraitdə ABŞ üçün əlverişli olmadığını düşünürlər. Onların fikrincə, ABŞ indiki şəraitdə İraq və Əfqanıstanda xeyli miqdarda pul xərclədiyindən, bu ölkələrə hücumda çoxlu problemlər və beynəlxalq qınaqlarla üzləşdiyindən, eləcə də İranın regionda nə dərəcədə nüfuza malik olduğunu bildiyindən və yenidən bu problemləri yaşamamaq üçün hələlik İrana hücumdan çəkinir.

Düzdür, bu amillər ABŞ-ın İrana hücum etməməsi üçün səbəbdir, lakin bundan başqa bəzi amillər də var ki, həm İran, həm də Qərb ölkələri həmin amillərin mahiyyətini dərk edir. İranın son illərdə hərbi texnologiyalar sahəsində böyük nailiyyətlər əldə etdiyini bəyan etməsinə baxmayaraq, bir çox ekspertlər bu nailiyyətlərin əksəriyyətinin təbliğat xarakterli olduğunu düşünür və sanksiyalara məruz qalan İranın hərbi gücünün bu qədər inkişaf etməsinə şübhə ilə yanaşırlar.

Belə olan halda isə İranın beynəlxalq ictimaiyyətə potensial təhlükə olması nəzəriyyəsi və "İran təhlükəsi" termininin həddindən artıq şişirdilməsi fikri müharibə variantının vacibliyini sual altında qoyur.

ABŞ-ın İrana hücum etməməsinin bir səbəbi də bundan ibarətdir ki, Birləşmiş Ştatlar İran xalqının hücuma necə reaksiya verəcəyini tam şəkildə proqnozlaşdıra bilmir və müharibənin partizan döyüşlərinə çevrilməsindən və bunun sonu olmayan bir müharibə olacağından çəkinir. Əfqanıstan və İraqdakı uğursuzluqlarla yanaşı, İranda mümkün uğursuzluğun nəticəsi ABŞ-a çox baha başa gələcək. "Müharibə" versiyasından ABŞ və Qərb ölkələri İranı sıxışdırmaq üçün əsas vasitə kimi istifadə edəcəklər, lakin bu versiyanın icrasının nə vaxt baş tutacağı hələlik məlum deyil.

İran və "5+1" ölkələrinin (BMT TŞ-nin daimi üzvləri və Almanya) müzakirə mövzusu haqqında hələlik fikir birliyinin olmadığı bir vaxtda, müzakirələrin nəticəsindən danışmaq mümkün deyil. İran keçən il Qərbə təqdim etdiyi təkliflər paketi çərçivəsində regionda nüfuzu haqqında, Qərb isə bu ölkənin nüvə proqramı barədə müzakirələrin aparılmasını tələb edir. İran regionda ABŞ-ın rolunu problemlə üzləşdirə biləcək təsiredici bir güc hesab olunur. İranın nüvə proqramı iki ölkə arasında ciddi narazılıqlara səbəb olsa da, yenə də iki ölkəni strateji müzakirələr aparmağa tərəf yönəldə bilən yeganə məsələdir.

İran və "5+1" ölkələri arasında müzakirələr 2009-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin Hakimlər Şurası İrana qarşı qətnamə qəbul etdikdən sonra dayandırılıb. Noyabrın ortalarında İran və "5+1" ölkələrinin bir ildən sonra yeni dövr müzakirələri planlaşdırılıb. Müzakirələrdə "5+1" ölkələrini Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti