Azərbaycan, Bakı, 6 dekabr /Trend/
Bazar ertəsi NATO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində NATO tərəfi ilə ekspert görüşü keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Görüş zamanı Azərbaycanın NATO ilə əməkdaşlığa cəlb olunmuş dövlət qurumlarının 2011-ci ildə iştirakı planlaşdırılan NATO tədbirləri müzakirə olunub. İlkin məlumatlara görə, 2011-ci ildə Azərbaycanın dövlət qurumlarının 217 tədbirdə iştirakı nəzərdə tutulur.
Məlumata əsasən, NATO tərəfi Azərbaycanın bu proqram çərçivəsində seçdiyi tədbirləri yüksək qiymətləndirir.
Görüşdə Azərbaycan Müdafiə Nazirliyi və NATO yanında nümayəndəlik, NATO tərəfdən isə Beynəlxalq Katiblik, Beynəlxalq Hərbi Qərargah və Müttəfiqlərin Əməliyyat Komandanlığının nümayəndələri iştirak ediblər.