İran Prezidenti Mahmud Əhmədinejad özünün 1977-ci il buraxılışlı Peugeot 504 markalı avtomobilini klassik avtomobillərin sərgisində hərraca çıxarıb. Bu barədə "Ərvənd" azad ticarət zonasının baş meneceri Əli Əsgər Pərvizqar bildirib. Məlumatı Press TV IRNA agentliyinə istinadən yayıb.
Onun sözlərinə görə, Prezidentin avtomobili İranın sosial təminat və təhlükəsizlik naziri Sadiq Məhsuli və Prezident dəftərxanasının rəhbəri İsfəndiyar Rəhim Məşainin imzaladığı saziş əsasında hərraca çıxarılacaq.
Bundan əvvəl, noyabrda Məhsuli qeyd etmişdi ki, İran Prezidentinin avtomobilinin satışı üzrə hərrac İranda aztəminatlı ailələrin əlverişli mənzillərdən istifadəsinin təmin edilməsini nəzərdə tutan "Mehr" milli mənzil tikintisi proqramının dəstəklənməsinə yönəlib.
Pərvizqarın sözlərinə görə, sərgi fevralda İranın cənub-qərb əyaləti Xuzistandakı "Ərvənd" azad ticarət zonasında keçiriləcək.
"Prezidentin avtomobili müxtəlif ölkələrdən gətirilən 70 digər klassik avtomobillə birgə sərgilənəcək", - o deyib.