...

İranın dəmir yolu Türkmənistan və Qazaxıstanın dəmir yoluna birləşdiriləcək

Dünya xəbərləri Materials 29 Mart 2011 11:43 (UTC +04:00)
İranın Yollar və Nəqliyyat Nazirliyinin müvəqqəti rəhbəri və məskən və şəhərsalma naziri Əli Nikzad Türkmənistanın Nazirlər Kabineti sədrinin nəqliyyat və tikinti üzrə müavini Nəzərqulu Şahquliyevlə görüşüb.

İranın Yollar və Nəqliyyat Nazirliyinin müvəqqəti rəhbəri və məskən və şəhərsalma naziri Əli Nikzad Türkmənistanın Nazirlər Kabineti sədrinin nəqliyyat və tikinti üzrə müavini Nəzərqulu Şahquliyevlə görüşüb. Görüşdə Nikzad bildirib ki, İran Qorqan əyalətindən İncə Burun sərhəd keçid məntəqəsi istiqamətinə 82 kilometr uzunluğunda dəmir yolu tikməklə dəmiryol xəttini Türkmənistan, daha sonra isə Qazaxıstan dəmir yoluna birləşdirmək niyyətindədir. Bu barədə Trend İranın /mojnews.com/ saytına istinadən məlumat verir.

İran dəmir yolu xəttinin Türkmənistan və Qazaxıstan dəmiryol xətlərinə birləşdirilməsi ilə bağlı layihə hələ 2007-ci ildə üç ölkənin prezidentləri tərəfindən imzalanıb. Həmin layihəyə əsasən, ümumi uzunluğu 900 kilometr olan dəmir yolu xətti tikiləcək. İran ərazisində Qorqan əyalətinin Ətrək şəhərində 80 kilometr, Türkmənistanın İranla sərhədindən Qazaxıstanla sərhədinə kimi 700 kilometr və Qazaxıstan ərazisində 120 kilometrlik dəmir yolu xəttinin inşası nəzərdə tutulur.

Türkmənistanın Bərəkət regionundan İranın Ətrək şəhəri istiqamətinə 256 kilometrlik dəmiryol xəttinin tikintisini İranın "Pars Enerji" şirkəti həyata keçirəcək. Bu barədə razılaşma ötən il İran Prezidentinin Türkmənistana səfəri zamanı əldə olunub. Şirkət bu layihənin icrasına 700 milyon dollar sərmayə yatıracaq.

Nikzad həmçinin, İran və Türkmənistan arasında gediş-gəlişin asanlaşdırılması məqsədilə gömrük keçid məntəqəsinin sutkada 12 saat fəaliyyət göstərməsini təklif edib.

Şahquliyev deyib ki, Türkmənistanın Bərəkət şəhərindən Qazaxıstan istiqamətinə 444 kilometrlik dəmir yolunun tikintisi davam edir və bu xəttin 2011-ci ilin oktyabr ayında Türkmənistanın müstəqilliyinin 20 illik yubleyinə kimi istifadəyə verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti