İranın müxalifət liderlərindən olan Mir Hüseyn Musəvinin atası Mir İsmayıl Musəvinin dəfn mərasimi "təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb və yarımçıq qalıb". Mərasimdə həbs olunanların dəqiq sayı ilə bağlı rəsmi məlumat olmasa da, 7 nəfərin həbs edildiyi bildirilir. Bu barədə Trend İranın müxalifət saytı kaleme.com-a istinadən məlumat verir.
Kaleme saytının məlumatına əsasən, dəfn mərasimi Tehranın Xaniqah məhəlləsində Musəvinin evinin qarşısından başlamalı imiş, lakin polisin müdaxiləsi ilə yarımçıq qalıb.
Mir Hüseyn Musəvinin atası Mir İsmayıl Musəvi martın 30-da 103 yaşında vəfat edib. O, İranın ali rəhbəri ayətullah Xamneyinin atası Seyyid Cavad Xamneyinin dayısı oğludur.
"Dəfn mərasimi güclü polis nəzarəti ilə müşayiət olunub. Mərhumun cənazəsi evinin qarşısından götürülüb. 50 metr hərəkət etdikdən sonra polis müdaxilə edərək, cənazəni alıb tibbi yardım avtomobili ilə aparıb",- Kaleme saytının məlumatında bildirilir.
Məlumatda bildirilir ki, polisin bu hərəkəti əhalinin etirazına səbəb olub və xalq cənazənin avtomobilə qoyulmasının qarşısını almağa cəhd edib, lakin etirazlara baxmayaraq, cənazə polis tərəfindən aparılıb. Kaleme saytı polisin bu hərəkətini "dəfn mərasimi və cənazəyə hörmətsizlik" kimi dəyərləndirib.
Mir Hüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd fevralın 14-dən ev dustağı edilmişdi. Bəzi İran dövlət KİV-lərinin məlumatına əsasən, Musəviyə son günlərdə həyat yoldaşı ilə birlikdə atasını ziyarət etmək icazəsi verilib. Lakin müxalifət saytları bununla bağlı məlumatlar dərc etməyiblər. Mir Hüseyn Musəvinin övladları babalarının vəfatı ilə bağlı bu gün bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Mir İsmayıl Musəvi 45 gün idi ki, öz övladını [Mir Hüseyn Musəvini] görmək həsrəti ilə yataq xəstəsi idi və hər gün Mir Hüseyni və onun həyat yoldaşını soruşurdu.