...

İsraildən geri çağırılmış türk diplomatları vətənə qayıdıblar

Dünya xəbərləri Materials 8 Sentyabr 2011 14:52 (UTC +04:00)
Türkiyənin İsraildəki səfirliyinin əməkdaşları bu gün vətənə qayıdıblar. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.
İsraildən geri çağırılmış türk diplomatları vətənə qayıdıblar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Türkiyənin İsraildəki səfirliyinin əməkdaşları bu gün vətənə qayıdıblar. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.

Qayıdanlar arasında səfirin dörd müşaviri də var. Səfirliyin ikinci katibi hələ də Tel-Əvivdədir.

Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.

Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.

İsrailin Müdafiə Nazirliyinin İnformasiya-Analitika İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin pisləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti