...

Türklər ölkədə AvroRƏM yerləşdirilməsinə etiraz edirlər

Dünya xəbərləri Materials 15 Sentyabr 2011 15:21 (UTC +04:00)
Malatya şəhərinin Kürəcik yaşayış məntəqəsi sakinləri ərazidə Avropa raket əleyhinə müdafiə (RƏM) sistemi radarının yerləşdirilməsinə etiraz olaraq aksiya keçiriblər.
Türklər ölkədə AvroRƏM yerləşdirilməsinə etiraz edirlər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Malatya şəhərinin Kürəcik yaşayış məntəqəsi sakinləri ərazidə Avropa raket əleyhinə müdafiə (RƏM) sistemi radarının yerləşdirilməsinə etiraz olaraq aksiya keçiriblər. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.

Yerli sakinlər iddia edirlər ki, Kürəcikdə raket hücumu təhlükəsi barədə erkən xəbərdarlıq radarının yerləşdirilməsi sakinlərin sağlamlığına mənfi təsir göstərə bilər. Onların sözlərinə görə, əvvəllər burada ABŞ radarları yerləşdirilib və onların elektromaqnit şüaları həmin ərazidə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Dünən ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone və Türkiyə xarici işlər nazirinin müşaviri Firuddin Sınırlıoğlu AvroRƏM radarının Kürəcikdəki bazada yerləşdirilməsinə dair saziş imzalayıb.

Bundan əvvəl Türkiyə XİN-in mətbuat katibi Selçuk Ünal jurnalistlərə deyib ki, həmin raket Türkiyədə yerləşdiriləcək. Diplomat bildirib ki, bu barədə qərar NATO-nun Lissabondakı sammitində qəbul olunub və Türkiyə əvvəldən bəri bu təşəbbüsə dəstək verib.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan AvroRƏM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş və Aegis dəniz bazası sistemlərinin də daxil olduğu raketdən müdafiə sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və tutucu raketlərin yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.

İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirilmə üçün daha güclü tutucu raket SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunna rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RƏM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3 (Blok IIB)-nin yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti