Fransa, Strasburq, 27 yanvar/ Trend, müxbir A. Məhərrəmli/
Avropa Məhkəməsinin işini yaxşılaşdırmaq görülən tədbirlər effektiv nəticələr verməkdədir. Trend-in məlumatına görə, bu fikirləri İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Nikola Bratza AŞ PA-nın qış sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Bratza qeyd edib ki, insan haqları, hüquqi dövlət və ədalət prinsipləri hazırkı iqtisadi kontekstdə siyasi prioritetlər daxilində öz əhəmiyyətiin itirməməlidir. İnsan haqlarının daha da effektiv qorunmasında Avropa Məhkəməsinə AŞ-yə üzv olan 47 ölkənin yardımı və sıx əməkdaşlığı çox önəmlidir.
O, qeyd edib ki, Avropa Məhkəməsinin təkcə maddi dəstəyə ehtiyacı yoxdur. Ən əsası odur ki, onun müstəqilliyi və nüfuzu daxili siyasi məqsədlər naminə zərər görməsin və dövlətlər tərəfindən irəli sürülən tənqidlər yaxşı olardı ki, emosiyalara yox, ağlabatan arqumentlərə əsaslansın. İnsan haqlarının qorunması ümumi məsuliyyətdir.
N. Bratza Avropa məhkəməsinin işinin effektivliyini daha da yaxşılaşdırmaq üçün görülən tədbirlərdən danışıb.
"Avropa Məhkəməsinin işinin effektivliyini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında pilot məhkəmə qərarlarının tətbiqi, yeni prioritet siyasət (ən vacib şikayətlərə ilk olaraq baxılması) və 14-cü Protokolun tətbiqini göstərmək olar. Tək hakim tərəfindən tətbiq olunan sücgəc mexanizmi sayəsində bu tədbirlər il ərzində baxılan şikayətlərin sayının inanılmaz dərəcədə artmasına gətirib çıxardı", - Bratza deyib.
Konfransda eyni zamanda Avropa Məhkəməsinin 2011-ci il üçün fəaliyyət hesabatı yayılıb.
Hal-hazırda Avropa Məhkəməsi qarşısında baxılmasını gözləyən 151 600 şikayət var. Bu şikayətlərdən 40 250-si Rusiyanın, 15 950-si Türkiyənin, 13 750-si İtaliyanın, 12 300-si Rumıniyanın və 10 250-si Ukraynanın payına düşür.
2011-ci ildə ən çox qərar çıxarılan ölkələrin adları da açıqlanıb. Həmin il Türkiyəyə qarşı 159, Rusiyaya qarşı 121, Ukraynaya qarşı 105, Yunanıstana qarşı 69, Rumıniyaya qarşı 58, Polşaya qarşı isə 54 məhkəmə qərarı çıxarılıb.
Sözügedən hesabatda Azərbaycanla bağlı məluamtlar da yer alıb. Avropa Məhkəməsi qarşısında Azərbaycanla bağlı 1692 baxılmamış şikayət var. 2011-ci ildə Azərbaycandan Avropa Məhkəməsinə 532 şikayət göndərilib. 2010-ci ildə bu rəqəm 337, 2009-cu ildə 361, 2008-ci ildə isə 334 olub.