Azərbaycan, Bakı, 1 fevral /Trend /
Ermənistanda prezident seçkiləri namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunmasına görə təxirə salına bilər. Bunu cümə axşamı Ermənistan parlamentinin sədri Ovik Abramyan deyib.
Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.
Parlament sədri bildirib ki, o, şəxsən Ayrikyanla söhbət edib və onun vəziyyətini normal hesab edir. Ayrikyanın spikerə söylədiyinə görə, ona iki dəfə atəş açıblar.
Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. Trend-in RİA Novosti xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ayrikyan çiynindən güllə zədəsi alıb.
İnsident Yerevanda baş verib. Hadisə yerində polislər istintaq tədbirləri aparır.
Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.