...

İranın Azərbaycandakı səfiri: Zorxana güləşi Olimpiya oyunlarında yer almalıdır

Dünya xəbərləri Materials 9 Oktyabr 2013 10:53 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ötən gün Azərbaycan zorxana və pəhləvan güləşçiləri ilə görüşüb.
İranın Azərbaycandakı səfiri: Zorxana güləşi Olimpiya oyunlarında yer almalıdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ötən gün Azərbaycan zorxana və pəhləvan güləşçiləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat verir.

Pakayin görüş zamanı bildirib ki, zorxana və pəhləvan güləşi dünyada ən təmiz idman növüdür. "Zorxana və pəhləvanlıq güləşi dini və əxlaqi dəyərlərə uyğun bir idman növüdür və səxavətlik və cavanmərdlik bu idman növünün fərqli cəhətlərindəndir".

Pakayin zorxana güləşi ilə yanaşı əxlaqi dəyərləri özündə əks etdirən nəğmə və şerlərin oxunmasını bu idman növünün incəliklərindən olduğunu bildirib və deyib ki, zorxana idman növünün Olimpiya oyunlarında yer almasına çalışmalıyıq.

Pakayin deyib ki, zorxana güləşi region ölkələrinin, xüsusilə Azərbaycan və İranın müştərək mədəni irsidir. "Zorxana güləşi sahəsində iki ölkə arasında əlaqələrin artırılması iki ölkənin xalqlarını bir-birinə daha yaxın edə bilər".

Görüşdə iştirak edən Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev deyib ki,İran və Azərbaycanın birgə səyi nəticəsində zorxana güləşinin Olimpiya oyunlarında yer alacağına ümid edirik.

Daha sonra Azərbaycan Zorxana Federasiyasının prezidenti Xanlar Qurbanovun zorxana güləşinin Azərbaycanda əldə etdiyi nailiyyətləri ilə bağlı danışıb.

Azərbaycanın milli idman növü olan zorxana və pəhləvan güləşi 2007-ci ildən Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) üzvüdür. BZİF üzvülüyünə 52 dövlət daxildir. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti