Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Hazırda Rusiya ərazisində üç milyon yarıma yaxın qanunsuz miqrant var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski Rusiyanın insan haqları üzrə müvəkkillərinin Əlaqələndirmə Şurasının iclasında bildirib.
K.Romodanovski deyib: "Rusiya ərazisinə vizasız daxil olmaq imkanından istifadə edən 8,5 milyona yaxın insan var. Ölkəmizə qanuni yolla daxil olan, lakin ölkədə olmaq müddətini pozan əsasən MDB ölkələrindən olan miqrantlardır. Bizim qiymətləndirmələrimizə görə, Rusiya ərazisində ölkədə qanuni olmaq müddətini başa vurmuş və qeyri-leqal çalışan 3,5-3,6 milyon əcnəbi vətəndaş var".
O, həmçinin qeyd edib ki, hər gün avtomatik sistem təxminən üç min qanunsuz miqrantın ölkəyə girişini bağlayır. Bu gün 410 min vətəndaş üçün giriş bağlıdır.
Qeyd edək ki, bu ilin iyulunda FMX rəhbəri Rusiyada qanunsuz olaraq yaşayan 3 milyon miqrantın olması barədə məlumat vermişdi.