Bakı. Elçin Hüseynov - Trend:
Avropa İttifaqı (Aİ) və Türkiyə arasındakı miqrasiya sazişinin tətbiqi Egey dənizi vasitəsi ilə Yunanıstana çatmağa çalışan mühacirlərin sayını azaldıb.
Bu barədə Trend "Frontex" Aİ-nin xarici sərhədlərin nəzarəti üzrə Avropa agentliyinin məlumatına istinadən bildirir.
Xatırladaq ki, martın 18-də Aİ-nin liderləri və Türkiyənin Baş naziri Əhməd Davudoğlu arasında Türkiyədən Yunanıstana gələn qanunsuz miqrantların geri qaytarılmasına dair saziş imzalanıb.
Bunun əvəzində Türkiyə və Aİ arasında vizasız rejim tətbiq olunacaq, 3 milyard avro kompensasiya ödəniləcək. Bundan başqa, Aİ Türkiyə ərazisindən qanuni əsaslarla gələn Süriyalı qaçqınları qəbul etmək barədə öhdəlik götürüb.
Frontex-in məlumatına əsasən, martda Yunanıstana 26 460 mühacir daxil olub və bu rəqəm fevral ayı ilə müqaisədə iki dəfə azdır.
Mühacirlərin ümümi sayından təxminən 23 000 Yunanıstana, Aİ-Türkiyə arasındakı imzalanan sazişdən əvvəl daxil olub.
Frontex qeyd edir ki, Yunanıstana mühacir axınının azalması aprel ayında da müşahidə olunur.