Bakı. Elnur Bağışov - Trend:
Cari ildə (21 mart 2018-dən başlayaraq) İranda 276 hektar istixana yaradılması nəzərdə tutulub. İlin ilk yarısında 1357 hektarda yekun işlər gedir.
Trend-in İranın Kənd Təsərrüfatı Nazirliyinin İctimai əlaqələr xidmətinə istinadən verdiyi məlumata əsasən, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Ölkənin İstixanaların İnkişafı Proqramının icraçı direktoru Vəliyulla Bəni Amiri deyib.
Onun sözlərinə görə, indiyədək İranda 14 min hektar istixana, əsasən də Tehran, İsfahan, Yəzd, Kirmanın cənubu və Hörmüzqan vilayətlərində, yaradılıb. 14 min hektar istixananın 12 min hektarı isə istismara verilib.
“İstixananın yaradılma prosesindən sonra onun istismara verilməsi 6-12 ay vaxt tələb edir. 2673 hektar istixananın istifadəyə verilməsi ilə təkcə göyərtilər və balqabaqkimilər fəsiləsinə aid məhsullarda 600 min ton artımın olacağını proqnoz edirik” – deyə o bildirib.
Bəni Amiri əlavə edib: “2673 hektar istixananın yaradılması üçün 8 trilyon rial (təxminən 190 milyon 476 min 190 dollar) investisiya tələb olunurdu. Vəsaitin yarısı xüsusi sadələşdirmələrlə kredit şəklində verilir. Yarısı isə özəl sektora aiddir”.
“Hal-hazırda ölkədə istixanaların istehsal etdiyi məhsullar 3 milyon tondur. 2025-ci ildə 20 milyon ton istixana məhsulunu istehsal etməyi məqsəd götürmüşük. Bu məhsulun 10 milyon tonu 2025-ci ildə ixrac edilməlidir”, – deyə Bəni Amiri bildirib.
İranın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi əlavə edib: “İranın istixana məhsullarını ixrac etmək üçün qonşu ölkələr və Orta Asiyada 600 milyon nəfərlik məqsəd bazarı vardır. Rusiya istixana məhsullarının əsas və ən böyük bazarıdır. Bu ölkə ildə 10 milyard dollarlıq istixana məhsulları idxal edir”.