...

Avropanın xüsusi nümayəndəsi Tehrana gedəcək

Dünya xəbərləri Materials 2 Fevral 2020 16:20 (UTC +04:00)
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell sabah (3 fevral) Tehrana səfər edəcək
Avropanın xüsusi nümayəndəsi Tehrana gedəcək

Bakı. Elnur Bağışov - Trend:

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell sabah (3 fevral) Tehrana səfər edəcək.

Trend-in ISNA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
A.Musəvinin sözlərinə görə, Avropa İttifaqının xüsusi nümayəndəsi bu vəzifəyə gəldikdən sonra ilk dəfə olaraq Tehrana səfər edəcək.

Musəvi əlavə edib ki, C.Borrell İran xarici işlər naziri və digər rəsmilərlə görüşərək danışıqlar aparacaq.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin Tehran səfərində əsas müzakirə obyekti Hərtərəfli Birgə Fəaliyyət Planı olacaq.

Əlavə edək ki, İranın Hərtərəfli Birgə Fəaliyyət Planında öhdəliklərini dayandırması ilə əlaqədar sazişin Avropa tərəfləri (Britaniya, Fransa və Almaniya) bəyanat verərək nüvə ixtilaflarının həll edilməsi üzrə mexanizmi başlatdıqlarını elan ediblər. Bu mexanizmdə problemlər həll edilməzsə, məsələ BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılacaq.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran, 5 sentyabrda növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran 5 noyabrda nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

İran 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti