Bakı. Trend:
Sakit okeanda əmələ gələn "Hiqos" qasırğası Çinin Quandun əyaləti istiqamətində cənub sahilinə çatıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Honkong meteoroloji rəsədxanası məlumat verib.
Bildirilir ki, atmosfer hunisinin episentri ÇXR-in qeyd edilən inzibati bölgəsindən 130 km qərbdədir. Siklon tədricən gücünü itirərək şimal-qərbə doğru hərəkət edir.
Honkongun özündə yüksək fırtına təhlükəsi - 10 ballıq şkala üzrə 9 nömrə elan edilib. Ofislər , banklar, təhsil müəssisələri bağlı olmalı, nəqliyyatın və limanın fəaliyyəti dayandırılmalıdır.
Meteoroloqların bildirdiyinə görə, gecə saatlarında 27.5 m/s sürətlə küləyin əsməsi qeyd edilib. Hələlik iki zərərçəkən haqqında bildirilir.
Makao şəhərində maksimum təhlükə səviyyəsi tətbiq olunub - 10 nömrəli. “Asiyanın Las Veqas”ında bütün kazinolar bağlanıb. Bölgədə nəqliyyat əlaqələri kəsilib, bəzi reyslər təxirə salınıb və ya ləğv edilib.
"Hiqos" bu mövsüm Asiyada yeddinci tropik siklondur. Adı Sakit Okeandakı Quam adasının aborigen dilindən tərcümədə "əncir ağacı" deməkdir.