Bakı. Trend:
Norveç, İsveç və Finlandiyada güclü külək və leysan yağışlar bərə keçidlərin bağlanmasına səbəb olub.
Trend xarici mediaya istinadən xəbər verir ki, Avropanın şimalında fırtınalı hava şəraiti keçidlərinin bağlanmasına, küçə və yolların su altında qalmasına səbəb olub. Külək evlərin damını uçurub, ağaclar yıxıb.
Osloda sakinləri ciddi zərurət olmadan evdən çıxmamağa və evdən işləməyə çağırıblar. Norveçin Su Resursları və Energetika İdarəsində ölkənin cənubunda "fövqəladə güclü yağışlar" barədə xəbərdarlıq edilib və daşqın təhlükəsi səbəbindən əhali "məcburi olmayan səfərlərdən imtina etməyə" çağrılıb.
Finlandiyada da işəgötürənlərə işçilərin ofislərə gedişinin zərurətini qiymətləndirmələri və mümkün olduqca onların evdə işləmələrinə icazə vermələri tapşırılıb.
İsveçin mərkəzi hissəsində isə çayların səviyyəsinin artması ilə nəticələnən leysan yağışlar səbəbindən qırmızı, yəni artmış təhlükəlilik səviyyəsi elan edilib.
Xilasedicilər Norveçin cənubunda və İsveçdə zərər çəkmiş bir neçə rayonda onlarla sakini təxliyə ediblər. Xilasetmə işlərinə helikopterlərin cəlb edildiyi qeyd olunur.
İsveçin şərqində yağışlarla əlaqədar olaraq dəmir yolları su altında qalıb və içərisində 120 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb. Üç nəfər xəsarət alıb. Yağışlar kəsilənədək qatarı götürmək mümkün olmadığından yolun bu sahəsi ilə hərəkət dayandırılıb.