Bakı. Trend:
Moskva yaxın zamanda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə zərər yetirən açıqlamalarına cavab verəcək.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində deyib.
"Deyə bilərəm ki, şübhəsiz, Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvanın rəsmi nümayəndələri tərəfindən həqiqəti əks etdirməyən və ilk növbədə, deyərdim ki, ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatlara diqqət yetirilib. Bunlara yaxın zamanda cavab veriləcək, Rusiya Xarici İşlər Nazirliyinin yaxın dəqiqələrdə müvafiq bəyanatı dərc olunacaq", - Zaxarova deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə müraciətində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Ermənistan-Rusiya strateji tərəfdaşlıq vasitələri Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi üçün kifayət deyil.
Bundan başqa, Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində Rusiyanın "Cənubi Qafqazdan uzaqlaşdığını iddia edib. Baş nazirin sözlərinə görə, rus sülhməramlıları "Laçın yoluna nəzarət etmirlər", çünki "Rusiya bunu ya istəmir, ya da bacarmır".