...

Dünyanın ən iri konteyner daşıyıcısı Qırmızı dənizdə naviqasiyanı dayandırır

Dünya xəbərləri Materials 16 Dekabr 2023 15:02 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən böyük konteyner daşıyıcısı olan Danimarkanın “Maersk” şirkəti elan edib ki, husi yaraqlılarının Qırmızı dənizin cənub hissəsindən keçən bütün gəmilərə hücumları səbəbindən dekabrın 15-dən etibarən bu istiqamətdə naviqasiyanı dayandıracaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Maersk Gibraltar” ilə dünənki insidentdən və konteyner gəmisinə növbəti hücumdan sonra biz Bab əl-Məndəb boğazından keçməli olan bölgədəki bütün “Maersk” gəmilərinə dekabrın 15-dən etibarən növbəti xəbərdarlığa qədər naviqasiyanı dayandırmağı tapşırmışıq", - deyə şirkətin açıqlamasında bildirilir.

Bəyanatda qeyd olunur ki, silahlılar Qəzza zolağında münaqişəyə cavab olaraq, İsraillə əlaqəli ticarət gəmilərinə hücum edirlər. Hücumlar Hind okeanını Qırmızı dənizlə birləşdirən Bab əl-Məndəb boğazının ensiz hissəsində həyata keçirilir. Bu marşrut Süveyş kanalı vasitəsilə Misirə və daha da şimala çıxışı təmin edir. Son 24 saat ərzində Yəmən yaxınlığında üç konteyner gəmisi hücuma məruz qalıb və ya zədələnib. Şirkət gəmilərinin bölgəyə nə vaxt dönəcəyini dəqiqləşdirməyib.

Almaniyanın “Hapag-Lloyd” gəmi şirkəti də Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib və izah edib ki, bu tədbir dekabrın 18-dək qüvvədə olacaq və bundan sonra daşımaların bərpa edilib-edilməməsi barədə qərar veriləcək. Bundan əvvəl “Hapag-Lloyd”un idarə etdiyi konteyner gəmisi Yəmən ərazisindən husilər tərəfindən atəşə tutulub.

Husi qruplaşması olan “Ənsar Allah” tərəfindən Qırmızı dənizdə mülki gəmilərə noyabr ayından mütəmadi xarakter alan hücumlar ABŞ və müttəfiqlərini hərbi cavab axtarmağa məcbur edir. Husilər dekabrın 13-də İsrailə gedən bütün gəmilərə hücum edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, qlobal daşımaların 10-12 faizi və qlobal neft tranzitinin təxminən 5 faizi Qırmızı dənizdən keçən nəqliyyat yolunun payına düşür.

Xəbər lenti

Xəbər lenti