Bakı. Trend:
İsrail Qırmızı dənizdə husilərə qarşı əməliyyatlarda iştirak edə bilər.
Trend xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi Rusiyanın "Rossiya 24" telekanalının efirində deyib.
Səfirin sözlərinə görə, İsrail lazım gələrsə, Qırmızı dənizdə gəmilərin sərbəst hərəkəti və mühafizəsinin təmin edilməsi məqsədilə husilərə qarşı koalisiyada iştirak edən ölkələrlə birgə əməliyyatda iştirak edə bilər.
Husilərin hücumlarının bütün regiona güclü təsir göstərdiyini deyən səfir Qırmızı dənizdə əməliyyatın keçirilməsinin qaçınılmaz olduğunu və hazırda husilərə qarşı koalisiyanın təşkil olunduğunu bildirib.
Qeyd edək ki, husilər Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə İsrailə məxsus və onunla əlaqədar gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər.
Xatırladaq ki, bir qədər əvvəl husilər dronlardan raketlərdən istifadə etməklə Babül-Məndəb boğazından keçən gəmiləri hədəf alıblar. BP şirkəti bununla əlaqədar olaraq, Qırmızı dəniz vasitəsilə daşınmaları müvəqqəti dayandıracağını açıqlayıb.