Bakı. Trend:
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların 23 saata yaxın davam edən xilas edilməsi əməliyyatı başa çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Okay Memiş deyib.
O bildirib ki, kanat yolunda baş verən qəza nəticəsində kanatda qalmış 184 nəfərdən 174-nü xilas etmək mümkün olub. AFAD rəhbəri əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Konyaaltı rayonunda fəaliyyət göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə düşüb.