Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian bu gün (11 avqust) təklif etdiyi nazirlərin adlarını etimad səsi qazanması üçün İran parlamentinə təqdim edib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
19 nazirlik üçün adların yer aldığı siyahıda Abbas Araqçi xarici
işlər naziri, Əziz Nəsirzadə müdafiə naziri, Eskəndər Momeni daxili
işlər naziri, Mohsen Paknejad neft naziri və Abbas Əliabadi
energetika naziri vəzifəsinə təklif olunub.
Əlavə edək ki, 17 avqustdan İran parlamentində nazirlərin etimad
səsinin qazanması ilə əlaqədar iclaslar təşkil olunmağa
başlayacaq.
Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.