Bakı. Trend:
Cənubi Qafqazda Qərbin təsirini artırmaq cəhdləri nəticəsində yaranmış çətin vəziyyət qalmaqdadır.
Trend xəbər verir ki, bu barədə brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
"Yüksək ziddiyyətlər, ilk növbədə, həll edilməmiş ərazi məsələləri və Qərbin Zaqafqaziyada öz təsirini artırmaq istəyi ilə əlaqədar xüsusi narahatlıq doğurur.
Beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə əlaqəli olan Mərkəzi Asiya regionunda risklər və təhdidlər aktuallığını saxlamaqda davam edir. Bu amillər təşkilata üzv dövlətlərdə sabitliyə əsas təhlükə yaradır", - o qeyd edib.
Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək.
O hesab edir ki, Qərbin hərəkətləri mürəkkəb təxribatçı xarakter daşıyacaq, üstünlüyünü qoruyub saxlamaq və bunun üçün dünyada yeni eskalasiya mərkəzləri yaradacaq.