Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda yanğınsöndürən maşına zərbə endirib, nəticədə 3 xilasedici həlak olub, iki nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında fövqəladə hallar komitəsinin hesabatında bildirilir.
"Hücum, İsrailin hava zərbələri nəticəsində Frun kəndində yanğınların baş verməsindən sonra baş verib. Yanğınsöndürmə dəstəsi və mülki müdafiə xidmətinin xilasediciləri yanğını söndürməyə başlayacaqları vaxtda İsrailə məxsus PUA onları hədəf aldı," - deyə hesabatda qeyd edilir.
Livanın Səhiyyə Nazirliyi İsrailin hücumunu qınayaraq, bunu beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib.
"Hücum, İsrailin aqressiv niyyətlərini açıq şəkildə göstərir," - deyə sənəddə vurğulanır.