Bakı. Trend:
Kubanın Matanzas şəhərindəki istilik elektrik stansiyasında (İES) baş vermiş qəza səbəbindən ölkənin milli enerji sistemi tamamilə çöküb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuba Respublikasının Energetika və Dağ Sənayesi Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, qəza yerli vaxtla oktyabrın 17-də saat 11:00-da (Bakı vaxtı ilə 19:00) baş verib. Energetika Nazirliyi elektrik enerjisinin bərpası üzərində işlərin davam etdiyini bildirib.
“Elektrik təchizatında yaranmış problemlərin əsas səbəbi ABŞ-nin tətbiq etdiyi "iqtisadi təqib”dir. Bu, Kubaya yanacaq və digər resursların idxalını çətinləşdirir”, - Məlumatda bildirilir.
Qeyd edək ki, qəzanın baş verdiyi istilik elektrik stansiyası 200 MVt-dan çox enerji istehsal edir və ölkənin elektrik enerjisi sisteminin əsas elementlərindən biridir.