...

Ankaradakı terror aktı ilə bağlı cinayət işi açıldı

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 19:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ankara Baş Prokurorluğu paytaxtın Kahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Trend xəbər verir ki, Türkiyə telekanalları müəssisənin girişində baş verən partlayışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışmanın başladığı barədə məlumat yayıb.

Zirehli texnikada olan xüsusi təyinatlılar qısa zamanda terror aktı baş verən əraziyə çatıb, helikopterlər havaya qaldırılıb.

Yaralılara kömək etmək üçün Kahramankazana təcili tibbi yardım avtomobilləri göndərilib.

NTV telekanalı terrorçuların insanları girov götürdükləri barədə məlumat yayıb. “İlkin məlumatlara görə, bir qrup terrorçu müəssisənin girişində avtomobili partladıb, bir neçə nəfər isə zavodun ərazisinə daxil ola bilib”, - deyə telekanalın məlumatında bildirilib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Bir qadın və bir kişi olmaqla, iki terrorçu zərərsizləşdirilib.

Əlavə edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.

Xəbər lenti

Xəbər lenti