Bakı. Trend:
Gürcüstan prezidenti Salome Zurabişvili, güman edilən neytrallığına baxmayaraq, faktiki olaraq müxalifətin tərəfində olub.
Bu barədə Trend-ə gürcü ekspert Zaal Ancaparidze deyib.
Onun sözlərinə görə, müxalifət seçki günü onun gedişatını izləmək üçün koordinasiya platforması yaratmağı planlaşdırır.
“Seçkilər fonunda Gürcüstanda siyasi vəziyyət getdikcə gərginləşir. Bu seçkilərin mühüm xüsusiyyəti hakim partiyanın siyasətini açıq şəkildə tənqid edən və onun nümayəndələrinə qarşı sanksiyalar tətbiq edən ABŞ və Aİ kimi Qərb ölkələrinin müdaxiləsinin artmasıdır. Bu, cəmiyyətdə narahatlıq mühiti yaradır və bəziləri sosial-iqtisadi vəziyyətin pisləşməsindən və Avropa ilə vizasız rejimin mümkün ləğvindən qorxurlar”, - Andcaparidze bildirib.
Ekspert qeyd edib ki, seçicilərin iqtidar partiyasına və onun suveren demokratiya adlanan siyasətinə səs vermək və ya əsasən əvvəlki hakimiyyətin nümayəndələrindən ibarət müxalifəti dəstəkləmək seçimi var.
“Beynəlxalq səhnədə Rusiya və Qərb kimi böyük oyunçuların maraqları onların Gürcüstandakı seçkilərin nəticələrinə təsir etmək istəyini əks etdirir seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən qiymətləndirilməsi müxalifətin mümkün etirazlarının legitimliyinə təsir göstərə bilər”, - deyə o əlavə edib.
Ancaparidze vurğulayıb ki, hakim partiya hakimiyyəti saxlayarsa, Gürcüstanın suveren demokratiya, Çinlə strateji tərəfdaşlıq və Rusiya ilə praqmatik münasibətlərə vurğu ilə çoxvektorlu siyasətinin davamını gözləmək olar. Eyni zamanda, Gürcüstan həm də Asiya ilə Avropa arasında Orta Dəhliz və nəqliyyat xətlərinin inkişafında mühüm həlqə olmağa çalışır.