Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp respublikaçı senatorlara sərhəd təhlükəsizliyinin gücləndirilməsi və immiqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlmiş 100 maddədən ibarət plan təqdim edib.
Trend xəbər verir ki, bu barədə Axios portalı, iclas iştirakçılarına istinadən məlumat yayıb.
Məlumata görə, Trampın senatorlarla görüşündə Title 42 kimi tanınan tədbirin bərpası əsas təşəbbüslərdən biri olub. Bu qayda koronavirus pandemiyası dövründə qəbul edilib və miqrantların sığınacaq müraciətlərini nəzərə almadan deportasiya edilmələrinə şərait yaradır.
Planın digər əsas məqamlarına Meksika ilə sərhəddə divar tikintisinin davam etdirilməsi, sığınacaqla bağlı əlavə məhdudiyyətlərin tətbiqi və yerli hüquq-mühafizə orqanlarının immiqrasiya əməliyyatlarına cəlb olunması daxildir.