...

Qarabağ və Şərqi Zəngəzura qayıdış: Bərpa və yenidənqurmada Azərbaycan nümunəsi – ŞƏRH

Siyasət Materials 9 Yanvar 2025 11:43 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının uğurla icrasının davam etdirilməsi və keçmiş məcburi köçkünlərin doğma-yurd yuvalarına qayıdışıdır. Ölkəmiz üçün prioritet olan bu məsələ 2025-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. Bu ilin büdcəsində bərpa-quruculuq işlərinə 4 milyard manat vəsait ayrılıb. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin miqyası hazırda sakinlərinə qovuşan ərazilərimizin say tərkibində özünün aydın ifadəsini tapır. Ötən il Laçın və Füzuli şəhərlərinin sırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın əsas hədəfi “Böyük Qayıdış” Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır:

“Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısa müddətdə görülən işlər xocalılıların 28 May-Müstəqillik Günündə doğma yurd-yuvalarına qayıdışına zəmin yaratdı. Həmin gün “Böyük Qayıdış” Proqramının Xocalı səhifəsi yazıldı. Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Artıq işğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı 34 min nəfərə çatıb. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biri bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsinə, Böyük Qayıdışın tam şəkildə başa çatmasına yönələn addımlarla diqqətdə olur”.

Deputat Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində çıxışını xatırladaraq bildirib ki, bu il üçün daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarılması qarşıya məqsəd qoyulub. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, o şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir:

“Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Vüqar Rəhimzadə xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur, bu, bir nümunə olacaq.

“Biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Əzəli və əbədi sahibinə qovuşmuş torpaqlarımızda müasir infrastrukturun, yaşayış komplekslərin, sosial obyektlərin inşası, tarixi və dini abidələrin bərpası, həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə xidmət edən addımların atılması görülən işlərin əsasında dayanır. Bu gün qürurla deyirik ki, abadlaşan Qarabağ və Şərqi Zəngəzura üzüağ, alnıaçıq, qalib ölkənin qalib vətəndaşları kimi qayıdırıq. Bu qayıdış dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin, böyük səylərin, qətiyyətin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu gün böyük tikinti meydanını xatırladan Qarabağ və Şərqi Zəngəzur müasir infrastruktur, yaşayış yerləri, iş yerləri ilə dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.”, - millət vəkili qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, "yaşıl enerji" üçün də lazım olan bütün addımlar atılır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bu istiqamətdə davamlı olaraq addımlar atılır. Baş plan var və buna əsasən işlər icra edilir. Artıq əskər rayonlarda məskunlaşma var. Elektrik və nəqliyyat infrastrukturu ən yüksək səviyyədə yaradılır. Dövlət bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və işləri görür. Şuşada, Cəbrayılda, Zəngilanda - müxtəlif yerlərdə insanların məskunlaşdığını görürük. Bütün bu işlər ən yüksək səviyyədə, müasir şəkildə və qaydada həyata keçirilir”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə mərhələli şəkildə nail olur.

“Ən önəmli məsələlərdən biri bütün bu işləri Azərbaycanın öz hesabına, heç bir yardım və dəstək olmadan yerinə yetirməsidir. Ən qısa vaxtda məskunlaşmanın yekunlaşacağını görəcəyik. Torpaqlar işğaldan azad olunanda çoxları proqnozlaşdırırdı ki, məskunlaşma illərlə vaxt çəkəcək, amma son hadisələr göstərdi ki, bu belə deyil. Bir neçə hava limanı, sənaye parklarının salınması böyük göstəricidir”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti