Bakı. Trend:
İlin başlanğıcında Prezident İlham Əliyev jurnalistlərə verdiyi müsahibəsində bir çox məsələlərə toxunub, o cümlədən, Avropa İttifaqı ilə münasibətlər, Aİ-nin birmənalı şəkildə Ermənistanı dəstəkləməsi və onlara tərəf olmasından da bəhs edib. Bunun əsasında Fransa və onun Prezidenti Emmanuel Makron dayanır. Çünki Aİ-də siyasi məsələlərin böyük əksəriyyətini fransızlar əllərinə alıblar. Aİ-nin iqtisadi baxımdan gücü Almaniyadırsa, siyasi cəhətdən Fransadır. Ona görə də Fransa Ermənistana himayədarlıq edərək, onun sülh şəraitində yaşamasının qarşısını alır. Artıq 4 ildən çoxdur müharibə bitib, buna baxmayaraq, sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəbkarlarından biri həmin Aİ və onun aparıcı qüvvəsi olan Fransadır.
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, Aİ-nin müşahidə missiyasının üzvlərinin əksəriyyəti Fransa və Almaniyanın təhlükəsizlik orqanları və ya jandarmeriyasının keçmiş əməkdaşlarıdır:
“Prezident İlham Əliyev Aİ-nin mülki müşahidəçilərinin yarım hərbi formada olmasını çox sərrast deyib. Orada mülki insanlar yox dərəcəsindədir. Missiyanı getdikcə daha da genişləndirdilər, hətta Kanadadan da nümayəndələr gəldi. Bunların məqsədi, məramı nədir? Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməkdirmi? Xeyr.
Əksinə, sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır. Tez-tez provokasiyalar yaradırlar, sərhəddə binoklla Azərbaycanı müşahidə edirlər, orada kəşfiyyat işləri aparırlar. Biz dəfələrlə bildirmişik, lakin faydası olmayıb. Rusiya siyasi rəhbərliyi, mətbuatı da dəfələrlə bildirib ki, həmin missiyanın üzvləri orada kəşfiyyat işi aparırlar, məlumatları təkcə Ermənistana yox, həm də Avropa İttifaqına ötürürlər. Buna görə də etimad sarsıldı”.
Elşad Həsənov vurğulayıb ki, Ermənistan Avropa İttifaqı, xüsusilə Fransanın dəstəyi ilə son illərdə güclü şəkildə silahlandırılır.
“Ötən ilin aprelində Ursula fon der Lyayen və Entoni Blinken Nikol Paşinyanla görüşdülər və Ermənistana 265 milyon dollar maliyyə yardımı ayırdılar. Ermənistan da həmin maliyyə ilə guya müdafiə xəttini gücləndirmək üçün hərbi akt yaratdı. Ermənistan son illərdə hərbi büdcəsini 4 dəfədən çox artırıb. Bu, kiçik bir ölkə üçün böyük rəqəmdir. Bu, müdafiə adı ilə müharibəyə hazırlaşmaq kimi görünür. Avropa İttifaqı qonşu Gürcüstanda inqilab etmək istədi, lakin nail ola bilmədi. Onlar Ermənistanı silahlandırırlar, bu ölkənin rəhbərliyini artıq ələ alıblar. İstəyirlər ki, Gürcüstanda da onlara bənzəyən müxalifəti hakimiyyətə gətirsinlər. Sonra da Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açsınlar. Avropa İttifaqı öz maraqları naminə xalqı, dövləti qurban verməyə hazırdır. Bunu başa düşən Gürcüstan xalqı bu məsələyə yox dedi, "Gürcü Arzusu"na səs verdi. Bu gün də Aİ-nin dəstəyi ilə müxalifətçilər mitinqlərini davam etdirir və yenidən seçki keçirilməsini istəyirlər”, - deyə politoloq deyib.
O, Azərbaycan nümayəndələrinin Avropa Parlamentində fəaliyyətinin məhdudlaşdırılmasından da bəhs edib:
“Aİ Azərbaycana qarşı da daim müxtəlif qərarlar qəbul edib. Bunlar Azərbaycanın dövlət, milli maraqlarına zidd olan məsələlərdir. Biz onların tövsiyələrinə riayət etsəydik, Azərbaycan adlı dövlət olmazdı. Onların istəyi bu idi ki, Azərbaycan da onların dediyi ilə hərəkət etsin, ölkədə milli mentalitet zəifləsin, onların istədiyi kimi, Avropayönümlü insanlar yetişsin, LGBT təbliğ olunsun. Ölkədə maliyyələşdirdikləri müəyən adamlar var ki, bütün bunları təbliğ edirlər. Təbii ki, Azərbaycan rəhbərliyi də buna qətiyyən yol vermədi. Ona görə də bizim Avropa Parlamentindəki nümayəndələrimizin fəaliyyəti səsvermə hüququndan məhrum edildilər.Təbii ki, onlar bunu etməzdən əvvəl bizim nümayəndələrimiz öz səlahiyyətlərini belə bir yerdə, yəni anti-Azərbaycan, antitürk ritorikasına köklənən parlamentdə qalmaq istəmədilər”.
Elşad Həsənov xatırladıb ki, Azərbaycan 8 Avropa ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb, onlara qaz, yanacaq ixrac edir, qitə üçün önəmli tərəfdaşdır:
“Ancaq biz Avropanın Azərbaycana qarşı olan çirkin siyasətini qəbul etmirik. Ona görə də biz haqlı olaraq Makron siyasətini, Avropa İttifaqında aparılan anti-Azərbaycan siyasətini ifşa edirik və onların qarşısından qaçmırıq. 10 milyon nəfər əhalisi olan Azərbaycanın böyük Almaniya, Fransa, Aİ-nin digər ölkələrindən çəkinəcək yeri yoxdur. Çünki biz beynəlxalq qanunlar, BMT-nin nizamnaməsinə uyğun hərəkət edirik, əsas da xalqın və dövlətin milli maraqlarından çıxış edirik.
Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin müsahibəsində irəli sürdüyü müddəaları yerinə yetirməli və Azərbaycan, Türkiyə ilə xoş qonşuluq münasibətində yaşamalıdır. Belə olan halda Ermənistan da inkişaf edəcək, sülh müqaviləsi də bağlanacaq, digər qüvvələr Cənubi Qafqaza burnunu soxa bilməyəcəklər”.