Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin noyabr ayında orta hesabla 127.5-ə bərabər olub.
Bununla da ərzaq qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0.5%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 5.7% artıb.
Trend-in rəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində ən çox qiymət artımları bitki yağı və süd məhsulları üzrə qeydə alınıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi ötən ilin noyabr ayında orta hesabla 111.4 bənd təşkil edib. Bu göstərici oktyabr ayına nisbətən 3.0 bənd (2.7%), 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 9.6 bənd (8.0%) azalıb.
Məlumata görə, taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri Cənubi Yarımkürəsində məhsul yığımı mövsümünün olması və Şimal Yarımkürəsində ixracatçı ölkələrdə məhsul şəraitinin yaxşılaşması fonunda buğda qiymətinin azalmasıdır. Eyni zamanda arpa və sorqonun, eləcə də düyü qiymətinin azalması qiymət indeksinin mənfiyə dəyişməsinə səbəb olub.
BİTKİ YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi ötən ilin noyabr ayında orta hesabla 164.1 bənd təşkil edib ki, bu da oktyabr ayına nisbətən 11.4 bənd ( 7.5% ), 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 40.0 bənd (32.2% ) çoxdur.
Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri kimi Cənub -Şərqi Asiyanın əsas istehsalçı ölkələrində mövsümi istehsalın aşağı olması fonunda palma yağının, günəbaxan və kolza yağının, həmçinin soya yağı qiymətinin artması göstərilir.
SÜD MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi 2024-cü ilin noyabr ayında orta hesabla 139.9 bənd təşkil edib. Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 0.9 bənd (0.6%), 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 23.4 bənd (20.1%) çoxdur.
Süd məhsullarının qiymət indeksinin artmasının əsas səbəbləri kimi Qərbi Avropada süd istehsalının mövsümi azalması fonunda tam süd tozunun, yüksək tələbat fonunda pendirin və kərə yağı qiymətinin artması göstərilir.
ƏT MƏHSULLARI
Ət Qiyməti İndeksi 2024-cü ilin noyabr ayında orta hesabla 118.1 bənd təşkil edib. Bu göstərici ötən ilin oktyabr ayına müqayisədə 0.9 bənd (0.8%) az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 6.6 bənd (5.9%) çoxdur.
Məlumata görə, ət məhsulları qiymət indeksinin azalmasına valyuta dəyişənlikləri fonunda mal əti qiymətinin azalması, yüksək ixrac fonunda quş əti qiymətinin azalmas və aşağı tələb fonunda donuz əti qiymətinin azalması təsir göstərib.
ŞƏKƏR
Şəkər Qiymət İndeksi ötən ilin noyabr ayında orta hesabla 126.4 bənd təşkil edib ki, bu da oktyabr ayına nisbətən 3.1 bənd (2.4 faiz), 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 35.0 bənd (21.7%) azdır.
Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri kimi Braziliyada bitkiçilik perspektivlərinin yaxşılaşması fonunda şəkər qiymətinin azalması və Braziliya realının ABŞ dolları qarşısında zəifləməsi fonunda şəkər qiymətinin azalması göstərilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin noyabr ayında ölkədə ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb, qeyri-ərzaq məhsulları 2,2% bahalaşıb. İllik xidmət inflyasiyası isə bu dövrdə 6% təşkil edib.
Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53867,7 milyon manatlıq, o cümlədən 29534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artıb.