Ağdam. Trend:
2025-ci ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Ağdam Sənaye Parkında təşkil edilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 13 sənaye zonası mövcuddur ki, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır:
“Hazırda olduğumuz Ağdam Sənaye Parkı Dövlət başçsının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında ən böyük məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. Bir maraqlı məqamı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir”.
E.Kazımov bildirib ki, parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib:
“Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.
Mətbuat katibi Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirildiyini qeyd edib:
“Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. Belə ki, Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilk ixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır”.
E.Kazımov hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən 10-a yaxın müəssisədə tikinti işləri görüldüyünü diqqətə çatdırıb:
“Həmçinin Sənaye Parkının digər rezidenti tərəfindən istehsal
edilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətində
Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət
tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə
istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan
verir.
Ümumilikdə onu da qeyd edim ki, ölkəmizdə mövcud sənaye zonaları iş
adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes
platformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər
cür investisiya imkanları formalaşdırılıb. Belə ki, sənaye
zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır
infrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play”
prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes
layihələrini həyata keçirə bilərlər”.
Mətbuat katibi sahibkarlıq fəaliyyətinin inkişafı üçün mümkün şəraitdən də danışıb:
“Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyata
alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir
vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük
rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə
çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si
və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 501
milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat
vəsaitə qənaət ediblər.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye
parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi
güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin
subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal
olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam
azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir”.