Bakı. Trend:
İtaliya Prezidenti Sercio Mattarella İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsini və ilk girovların azad edilməsini böyük məmnuniyyətlə qarşılayıb.
Trend xəbər verir ki, Prezident Mattarella Qəzzada münaqişədən əziyyət çəkən mülki əhalinin, xüsusilə qadınların və uşaqların vəziyyətinə diqqət çəkib: "Fikirlərimiz aylarla ağlasığmaz əzablara məruz qalmış Qəzzanın mülki əhalisinə, həmçinin əsirlikdə olanların ailələrinin iztirablarına yönəlib. Atəşkəsin tam və davamlı icrasını təmin etmək, zorakılıq spiralına son qoymaq və uzunmüddətli sülhə aparan siyasi prosesə başlamaq üçün beynəlxalq ictimaiyyətin öhdəliyi indi daha vacibdir."
Mattarella vurğulayıb ki, münaqişənin həlli yalnız iki dövlətli yanaşmanın dəstəklənməsi ilə mümkündür: "Yetmiş ildən artıqdır ki, əhali üçün iztirablara və qeyri-sabitliyə səbəb olan münaqişəni kökündən həll etmək üçün öhdəliyimizi gücləndirməyin vaxtı çatıb."
İtaliya Prezidenti, həmçinin, beynəlxalq ictimaiyyəti bölgədə zorakılığa birdəfəlik son qoymaq üçün səyləri artırmağa çağırıb.