Bakı. Trend:
Braziliyanın "Santos" futbol klubu Neymarı icarəyə vermək məqsədilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna rəsmi təklif göndərib.
Trend xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, "Santos" hazırda "Əl-Hilal"dan rəsmi cavab gözləyir.
Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçmişdi. Lakin braziliyalı futbolçu oktyabr ayında Uruqvay yığması ilə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi oyununda (0:2) zədələnərək meydanı tərk etmişdi. Ona ön çarpaz bağların və menisküsün yırtılması diaqnozu qoyulmuşdu.
Ulduz futbolçu bir illik fasilədən sonra Asiya Çempionlar Liqasının əsas mərhələsində, BƏƏ-nin "Əl-Ayn" klubu ilə oyunda (5:4) meydana qayıdıb. Lakin bundan sonra "Əl-Hilal"ın milli turnirlərdə keçirdiyi üç oyunda Neymar heyətdə yer almayıb.