Bakı. Trend:
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən bu faciə xalqımızın qəhrəmanlıq tarixinə, özünün haqlı tələbləri uğrunda mübarizəsinin təcəssümünə çevrildi. Bakıda və respublikamızın müxtəlif bölgələrində 147 nəfərin sovet qoşunlarının bölmələri tərəfindən qətlə yetirilməsi ilə nəticələnən bu hadisələr Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni yeni mərhələyə yüksəltdi.
Sovet dövlətinin rəhbərliyinin, birbaşa Mixail Qorbaçovun əmri ilə Bakıda dinc əhaliyə qarşı dəhşətli qətliamın həyata keçirilməsində məqsəd xalqımızın haqq və etiraz səsini boğmaq idi. Təəssüflə qeyd etməliyik ki, o dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciənin baş verməsinin qarşısının alınması üçün heç bir tədbir görmədilər və ya görmək istəmədilər. Faciədən sonra isə onlar qorxaqlıq nümayiş etdirərək bunun üzərindən sükutla keçməyə çalışdılar, baş verənlərə laqeyd qalmağa üstünlük verdilər.
Həmin günlərlə Azərbaycan xalqının etiraz səsini ucaldan, bu hadisənin baş verməsində birbaşa sovet rəhbərliyinin, şəxsən M. Qorbaçovun məsuliyyət daşıdığını cəsarətlə bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verən Heydər Əliyev baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu deyərək, yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı, hadisəyə siyasi qiymət verilməsini tələb etdi:
"Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun böyük günahı nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir" -deyə Heydər Əliyev böyük cəsarətlə bildirmişdi.
Sovet dövlətinin hələ mövcud olduğu bir vaxtda bu cür bəyanat vermək böyük cəsarət tələb edirdi. Bunu isə yalnız hər zaman öz xalqının yanında olan Heydər Əliyev kimi böyük şəxsiyyətlər edə bilərdilər. Ulu Öndərin tarixi çıxışı sovet dövlətinin yaratdığı kəskin informasiya blokadasına baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.
1990-cı ilin yanvarından sonra Azərbaycana rəhbərlik edənlər Kremlin əmrlərinə tabe olaraq 20 yanvar facisəsinə rəsmi şəkildə hüquqi-siyasi qiymət verilməsi üçün heç bir tədbir görmədilər. Lakin bu məsələ hər zaman Heydər Əliyevin diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyevin Naxçıvan Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatı seçildikdən sonra qaldırdığı ilk məsələlərdən biri 20 yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı oldu. Məhz Heydər Əliyevin təşəbbüsləri ilə 1990-cı ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz xalqının hüquqlarını müdafiə etməkdən qorxmadığını bir daha sübut etdi.
Bu sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri 20 yanvar faciəsi ilə bağlı əsl həqiqətlərin üzə çıxarılmasına maraq göstərmədi. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən «cəbhəçilər» hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdular. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlamasından sonra 20 yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi qiymət verildi. 1994-cü il martın 29-da Milli Məclisdə «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» qərar qəbul edildi.Sənəddə deyilir:
«Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin».
Azərbaycan dövləti hər zaman 20 yanvar şəhidlərinin xatirəsini uca tutub. Bu məqsədlə Şəhidlər xiyabınında şəhidlərimizə ehtiram əlaməti olaraq «Əbədi məşəl» abidə-kompleksi inşa edilib. Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən 1990-cı il 20 yanvar faciəsində şəhid olan vətəndaşlarımıza «20 Yanvar şəhidi» fəxri adı verilib.
20 yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bakı şəhərində həyata keçirilən abadlıq işləri Şəhidlər Xiyabanını da əhatə edib, burada əsaslı təmir və yenidənqurma işləri aparılıb. Paytaxtın “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Belə ki, dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
İndiydək 20 yanvar əlillərinə və şəhidlərin ailələrinə 143 mənzil, habelə əlilliyi olan şəxslərə 100-dək avtomobil verilib. O cümlədən əlillərin reabilitasiyası dövlət tərəfindən həyata keçirilir.
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq və rəşadət salnaməsidir. Şəhidlər xiyabanı isə xalqımızın müqəddəs and yeridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından bəyan etmişdi. Artıq 20 yanvar şəhidlərinin ruhu rahatdır. Çünki onların uğrunda şəhid olduqları bütün məqsədlərə xalqımız nail olub. Bu gün Azərbaycan müstəqil və güclü dövlətdir, torpaqlarımız isə erməni işğalçılarından və separatçılarından birdəfəlik təmizlənib.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı