Bakı. Trend:
Rumıniya prezidenti Klaus Yohannis yaxın günlərdə istefaya gedəcəyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.
“Rumıniya və onun vətəndaşlarını böhrandan qurtarmaq üçün, prezident vəzifəsindən istefa verirəm”, – deyə o bildirib.
İstefanın fevralın 12-də qüvvəyə minəcəyi bildirilir.
Rumıniyada prezident seçkilərinin birinci turu 24 noyabr 2024-cü ildə baş tutub. Rəsmi nəticələrə görə, müstəqil namizəd Kelin Corcesku 22,94% səslə lider olub.
28 noyabrda Rumıniya Konstitusiya Məhkəməsi (KM) respublikanın Mərkəzi Seçki Komissiyasından (MSK) birinci turun nəticələrini yenidən saymağı tələb edib. 6 dekabrda isə Konstitusiya məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Bu qərar yerli xüsusi xidmət orqanlarının Corceskunun seçki kampaniyasını qanunsuz şəkildə maliyyələşdirdiyini və Rusiyanın sosial şəbəkələr vasitəsilə onun seçki kampaniyasına müdaxilə etdiyini göstərən sənədlərin məxfilik statusunu ləğv etdikdən sonra qəbul olunub.