Bakı.Trend:
Avropa Komissiyası təbii qazın bahalaşması ilə əlaqədar bu yanacağa müvəqqəti qiymət tavanının tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
“Rəsmi Brüssel bu yaxınlarda ABŞ ilə müqayisədə qiyməti rekord səviyyəyə çatmış qaz üçün müvəqqəti qiymət tavanının tətbiqi ilə bağlı yeni imkanları nəzərdən keçirir”, - materialda qeyd olunur.
İki ayrı avropalı məmur nəşrə bildiriblər ki, Avropa İttifaqı gələn ilin qış mövsümünə qədər tədarükü artırmaq məqsədilə yayda mavi yanacağın qiymətini olduğu səviyyədə saxlamaq niyyətindədir.
Qeyd edək ki, Avropa İttifaqında qazın qiymətləri 2023-cü ildən bəri maksimum səviyyəyə qalxıb. Qiymət fevralın 11-də 5% artaraq 1 min kubmetr üçün 622 dollara çatıb. Yanvarın sonunda qiymət 512 dollar, fevralın əvvəlində isə 581 dollar təşkil edirdi. Gözlənilən soyuq hava şəraitinə görə yaxın günlərdə qiymətin daha da artacağı ehtimal olunur.