Bakı.Trend:
ABŞ Konqresinin nümayəndələr platasında ölkə prezidenti Donald Trampla bağlı qeyri-adi təklif irəli sürülüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, respublikaçı konqresmen Brendon Cill Trampın hakimiyyətdən getməsindən sonra onun xatirəsinin əbədiləşdirilməsi üçün şəklinin həkk olunduğu 100 dollarlıq əsginasların buraxılması təşəbbüsünü irəli sürüb.
“Prezident Tramp öz qızıl illərini qolf oynamaqla və ya ailəsi ilə vaxt keçirməklə keçirə bilərdi. Bunun əvəzində isə o öz ölkəsi naminə özünü güllənin qabağına atır və sərhədlərimizin təhlükəsizliyi təmin olunsun deyə iş vaxtından artıq işləyir, bizim dünyanın qalan hissəsi ilə olan dolaşıq münasibətlərimizi qaydasına salmağa, Amerikanı enerji baxımından yenidən müstəqil etməyə çalışır və mənasız xarici yardımları kəsməklə ölkəmizi hər şeydən önə qoyur", - o bildirib.
Qeyd edək ki, müvafiq qanun layihəsi qəbul olunarsa, Trampın rəsmini daşıyan əsginaslar artıq 2029-cu ildən etibarən buraxılacaq.