Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp fevral ayından etibarən “qızıl kart ”vizasının 5 milyon dollara satışa çıxarılacağını elan edib. Onun alqı-satqısı üçün nəzərdə tutulan saytın bir həftə ərzində işə salınacağı gözlənilir.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, ölkənin Ticarət Nazirliyinin rəhbəri Hovard Lütnik əmindir ki, onu maliyyə imkanları olan istənilən xarici vətəndaş əldə etmək istəyəcək.
Bir həftə ərzində işə salınması planlaşdırılan “Trumpcard.gov” saytında maraqlanan şəxslər “qızıl kartın” alınması üçün onlayn qaydada ərizə təqdim edə biləcəklər.
Qeyd edək ki, Trampın “qızıl kart” vizası onu əldə edənlərə “yaşıl kartın” imtiyazlarından savayı əlavə üstünlüklər verəcək və həmin şəxsin ABŞ vətəndaşlığı alması prosedurunu sürətləndirəcək.