Bakı. Trend:
13 iyunda İsrailin İrana aviazərbələr endirməsi nəticəsində 78 nəfər, o cümlədən yüksək səviyyəli hərbi rəsmilər ölüb.
Trend-in məlumatına görə, bunu İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə əlaqədar fövqəladə iclasında deyib.
Onun sözlərinə görə, hücumlar nəticəsində həmçinin 320-dən çox şəxs yaralanıb ki, onların əksəriyyətinin sivillər, uşaq və qadınlar təşkil edir.
İrəvani bildirib ki, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tam nəzarətində olan Nətənz nüvə obyekti hücuma məruz qalıb. İranın nüvə obyektlərinə istənilən xəsarət radioloji şüalanma ilə bağlı faciəvi hallara gətirib çıxara bilər. Bu isə təkcə İranla məhdudlaşmaya, bütün region və ondan kənara da genişlənə bilər.
İrəvani deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Silahlarının Yayılmamasına dair Saziş, Cenevrə konvensiyaları, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri nəzarətdə olan nüvə obyektləri əleyhinə istənilən hücumu açıq-aşkar şəkildə qadağan edir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.