Bakı. Trend:
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Pakistanda quruda və dənizdə yerləşən neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı üzrə sazişin imzalandığını açıqlayıb.
Trend xəbər verir ki, qərar İslamabadda iki ölkənin rəsmilərinin iştirakı ilə aparılan danışıqların nəticəsində qəbul edilib.
Sazişə əsasən, Türkiyənin TPAO dövlət neft şirkəti Pakistanın enerji şirkətləri olan “Mari Energies”, “Fatima”, OGDCL, PPL, “Prime” və GHPL ilə birlikdə beş perspektivli yatağın kəşfiyyatı və işlənməsi üzrə fəaliyyət göstərəcək. Həmin yataqlardan üçü Pakistanın dəniz sularında yerləşir.
A. Bayraktar bildirib ki, gələcəkdə TPAO Pakistanın dəniz yataqlarından birinin operatoru olacaq. Onun sözlərinə görə, gələn ildən etibarən Türkiyə seysmik kəşfiyyat məqsədilə Pakistan sahillərinə gəmilər göndərəcək və bir sıra sahələrdə həm kəşfiyyat, həm də birbaşa qazma işləri planlaşdırılır.