Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatan səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətində olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti həmvətənlərinə Yeni il münasibətilə müraciətində deyib.
"Fransa vətəndaşlarının mənə etibar etdiyi mandatı yerinə yetirmək üçün hər gün çalışaraq son saniyəyə qədər çalışacağam", - deyə o bildirib.
Fransa prezidenti qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini qeyd edib. "2026-cı ilin sonunda, vaxtı çatanda, tədricən 2027-ci il prezident seçkiləri kampaniyasına start veriləcək - son on ildə ilk dəfə olacaq ki, mən bu kampaniyada iştirak etməyəcəyəm", - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, "prezident seçkilərinin mümkün qədər sakit, xüsusən də heç bir xarici müdaxilə olmadan keçirilməsini təmin etmək üçün əlindən gələnini etməyə" niyyətindədir.