Bakı. Trend:
Meksikada qadınlar arasında keçirilən yerli futbol çempionatı çərçivəsində “Nekaksa” ilə “Keratero” komandaları arasındakı matç azarkeşlərin və idmançıların həyatına təhlükə yaranması səbəbindən dayandırılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fevralın 22-də hərbçilər “Xalisko Yeni Nəsili ” kartelinin lideri El-Mençonu zərərsizləşdiriblər. Buna cavab olaraq kartel üzvləri avtomobil yollarını bağlayıb, iğtişaşlar törədib, avtomobilləri və yanacaq doldurma məntəqələrini yandırıb və mülki şəxslərə hücum ediblər. Stadionun ətrafında partlayış səsləri eşidilib.
2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək şəhərlərdən biri olan Qvadalaxarada yanacaqdoldurma məntəqələri bağlanıb, nəqliyyatın fəaliyyəti dayandırılıb, kütləvi tədbirlər ləğv olunub. ABŞ və Kanada aviaşirkətləri münaqişə zonalarına uçuşları ləğv ediblər. Xalisko ştatının qubernatoru sakinləri evdən çıxmamağa çağırıb, ABŞ Dövlət Departamenti isə amerikalılara “olduqları yerdə sığınmağı” tövsiyə edib.
