"Böyük səkkizlik"in maliyyə nazirlərinin görüşündə əsas mövzu yoxsul ölkələrin energetika strukturunun inkişafı olacaq. Bunu jurnalistlərə dövlət borc alanlarının forumunda iştirak edən Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib.
Onun sözlərinə görə, görüşün məqsədi dünya iqtisadiyyatının inkişafı, neft bazarları və energetika təhlükəsizliyinin perspektivləri məsələlərini müzakirə etməkdir. Bundan sonra yoxsulluqla mübarizə problemi də nəzərdən keçiriləcək. "Biz diqqətimizi yoxsul ölkələrdə energetika strukturlarının inkiaşfında cəmləşdirəcəyik"- deyə maliyyə naziri qeyd edib.
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, görüşdə infeksion xəstəliklər, xüsusilə, "quş qripi" ilə mübarizə məsələlərini müzakirə etmək planlaşdırılır. Bundan əlavə, terrorizmin maliyyələşdirilməsi, dövlət vəsaitələrinin idarə olunmasının yaxşılaşdırılması, əhalinin maliyyə savadlığı məsələsi də nəzərdən keçiriləcək.