Livan prezidenti Emil Lahud BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək iqtidarında olmasına şübhə ilə yanaşıb. Cümə axşamı BMT Baş Assambleyasının 61-ci sessiyasında ümumi siyasi müzakirələrdə çıxış edən Livan rəhbəri BMT Təhlükəsizlik Şurasını İsrailin ölkə ərazisinə soxulmasına lazımi reaksiya vermək iqtidarında olmadığına görə kəskin tənqid edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.
"Təəssüflər olsun ki, BMT TŞ livanlı uşaqların kütləvi qırğınının qarşısını almaq, ölkədə və Yaxın Şərqdə sülhü qorumaq cəhdlərində gücsüz oldu", - deyə Lahud bildirib. "Bizdə bu təşkilatın sülhü qorumaq iqtidarında olmasına ciddi şübhə var", - deyə o vurğulayıb.
Yaxın Şərqdə sülhə nail olunması imkanlarından söz açan Lahud bildirib ki, bunun üçün ilk növbədə Fələstin məsələsinin həllinə diqqət ayırmaq lazımdır. "Bunsuz Ərəb-İsrail müqnaqişəsinin həlli qeyri-mümkündür", - deyə Livan prezidenti qeyd edib.