Kuba lideri Fidel Kastro bildirib ki, o artıq sağalır. Bu barədə çərşənbə günü "Reyter" agentliyi xəbər verib.
Venesuela prezidenti Uqo Çaveslə olan radioşouda telefon vasitəsilə iştirak edən kuba liderinin sözlərini agentlik sitat kimi qeyd edib: "Mən hiss edirəm ki, gün-gündən enerjim, gücüm artır, məşğul olmağa daha çox vaxt ayıra bilirəm".
RİA Novosti . agentliyi bildirir ki, bu, kubali liderin keçən il xəstəxanaya yerləşdirilməsindən sonra birbaşa efirlə ilk çıxışıdır.
Keçən il iyulun sonlarında 80 yaşlı Fidel Kastro təcili əməliyyat olunmuşdu. Bu səbəbdən 47 il ölkəni fasiləsiz idarə edən Kuba rəhbəri ilk dəfə olaraq ölkənin idarəsini və Kuba Kompartiyasının MK birinci katibi, dövlət şurası sədri və ali baş komandan səlahiyyətlərini tam sağalana qədər 75 yaşlı qardaşı Raul Kastroya həvalə etməyə məcbur olmuşdu.