...

Marionet Teatrının "Leyli və Məcnun" tamaşasının dekorasiya və marionet kuklaları sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 29 May 2015 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu gün İçərişəhərdə yeni istifadəyə verilmiş Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey və sərgi zalında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda "Leyli və Məcnun" marionet tamaşasının dekorasiya və marionet kuklalarının sərgisinin açılışı keçirilib. Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan "Leyli və Məcnun" orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olmuş, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr etmişlər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında "Leyli və Məcnun" operasını yazmışdır. "Leyli və Məcnun" operasının qəhrəmanları bu dəfə marionet kuklaları və xüsusi hazırlanmış dekorasiyaların təsvirində təqdim edilmişlər.

Tamaşanın bədii-təsviri estetikası Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunmuş dekorasiya, kukla və rekvizitlər son yarım ildə bir neçə ölkədə uğurla nümayiş etdirilmişdir.

Tədbirdə İdarənin rəisi Samir Nuriyev nitqlə çıxış edərək bu işdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas məqsədi xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarət olduğunu vurğulayaraq, tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlərin həyata keçirilməsini xüsusi qeyd etmişdir.

Marionet Teatrı 2011-ci ildən başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın ifasında Ü.Hacıbəylinin "Arşın mal alan" operettası artıq dəfələrlə tamaşaya qoyulmuşdur.

Hal-hazırda İdarə tərəfindən Marionet Teatrının üçmərtəbəli binasının bərpası davam etdirilir və işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Sərginin başa çatdırılmasından sonra "Leyli və Məcnun" marionet tamaşasının məşqləri başlanacaq və həmin tamaşa "Arşın mal alan" tamaşası ilə yanaşı səhnəlişdiriləcəkdir.

Sərgi mayın 29-dan iyulun 1-ə kimi davam etdiriləcək. Sərgiyə giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti